Visa və Formula 1 Red Bull komandaları qlobal tərəfdaşlığı bəyan edirlər

  • Tərəfdaşlıq çərçivəsində Visa Cash App RB komandasının yeni adı və kimliyi təqdim edilir.

  • Visa, Formula 1 Red Bull komandalarının ilk qlobal tərəfdaşı olacaq; Visa loqotipi hər iki komandanın bolidlərində yer alacaq.

  • Visa və Cash App idmanda bərabərliyi təşviq edərək F1 Akademiyası qadın komandasını dəstəkləyəcəklər.

San-Fransisko (ABŞ), Faensa (İtaliya) və Milton-Kinz (Böyük Britaniya), 18 yanvar 2024 - Formula 1 2024 il mövsümünü yeni tərkibdə və yeni tərəfdaşlıqla başlayır. Bu gün Formula 1-in Red Bull komandaları və Visa şirkəti bənzərsiz yeni tərəfdaşlığı elan edirlər. Ona əsasən, Visa Formula 1 yarışlarında iştirak edən hər iki Red Bull komandasının ilk qlobal tərəfdaşı olacaq; öncə Scuderia AlphaTauri kimi tanınan komanda isə bu ildən etibarən Visa Cash App RB adı altında yarışlarda iştirak edəcək.

Hazırkı razılaşma Visa-nın son 15 ildə bağladığı ilk yeni qlobal sponsorluğudur. Razılaşmaya Visa Cash App RB komandasına dəstək, eləcə də F1 Akademiyası qadın komandası və Oracle Red Bull Racing komandasının baş sponsorluğu daxildir. İndən belə, Visa loqotipi həm Oracle Red Bull Racing, həm də Visa Cash App RB komandalarının bolidlərində (o cümlədən F1 Akademiya startlarında) görünəcək.

“Bu, inqilabi bir tərəfdaşlıqdır, Visa brendi üçün planetimizdə ən sürətlə artan idman icmalarından birini cəlb etmək üçün mükəmməl imkandır, – deyərək Visa-nın Marketinq direktoru Frənk Kuper şərh verdi. – Red Bull ilə əməkdaşlığımız insanları ilhamlandırmaq, həyatlarında nəyisə dəyişməyə qorxmamağa çağırmaq, hər bir yarış, hər bir hadisə zamanı onları kiçik addımlarla belə təkmilləşməyə həvəsləndirmək məramımız ilə üst-üstə düşür.”

Visa Cash App RB komandası gələcəyə çapır

Yaponiyalı Yuki Tsunoda və Avstraliyalı Daniel Rikkiardo Visa və Cash App nişanları ilə ilhamlanmış yeni tərtibatda bolidlərin xarici görünüşünü və yarış uniformalarını 29 fevralda, 2024 ilin yarış seriyasına start verəcək Bəhreyn Qran Prisində təqdim edəcəklər. Brend simvolikasının tam-miqyaslı təqdimatı ABŞ-ın Las-Veqas şəhərində 8 fevralda baş tutacaq xüsusi tədbirdə keçiriləcək.

Visa Cash App RB dəstəyi brendi irəlilətmək üçün unikal imkanlar açır. Tərəfdaş şirkətlər nəinki komandaya turnir cədvəlinin zirvələrinə ucalmağa kömək etmək, habelə kart sahiblərinə hadisələrin mərkəzində olmaq, komanda ilə müxtəlif fəaliyyətlərə qatılmaq, “pərdə arxası”na keçib pilotlarla görüşmək, atributika satışlarında iştirak etmək və yarışlar zamanı daha üstün xidmət əldə etmək məqsədi qoyurlar.

“Komandanın yeni kimliyini açıqlamaq və Formula 1 tariximizin növbəti səhifəsini açaraq yeni tərəfdaşlarımızı salamlamaq mənə böyük qürur verir, – yenicə bu adı qazanmış Visa Cash App RB komandasının Baş icraçı direktoru Piter Bayer bəyan etdi. – Komandamız yeni eraya qədəm basınca, “istedadlar beşiyi” ayamasını doğrultmaqla yanaşı Formula 1 ən yüksək mükafatları uğrunda mübarizəyə ciddi fokuslanır. Komanda rəhbəri Loran Mekis mənimlə komandamızın iddialı vizyonunu paylaşır. Visa və Cash App kimi gələcək yönümlü tərəfdaşlarımızın bizim yanımızda olmaları məni çox şad edir.”

Beynəlxalq avtomobil idmanında bərabərliyə dəstək

Visa artıq uzun illərdir ki, sponsor platformaları vasitəsilə qadınların qüvvətləndirilməsinə, səlahiyyətləndirilməsinə, iqtisadi həyatda iştirakının genişləndirilməsinə xidmət edir. Bu öhdəliyə sadiq qalaraq, Visa və Cash App, Red Bull ilə birlikdə, F1 Akademiyası yarışlar seriyasında Visa Cash App RB komandasını dəstəkləyəcəklər. Qadınlararası yarış seriyasının startları Formula 1 yarışmalarının keçirildiyi 7 seçilmiş trassada Formula 1 ilə eyni həftəsonu qrafiki ilə baş tutur. Fevraldakı təqdimat tədbirində həmçinin qadın komandasının brend simvolikası açıqlanacaq.

“Visa və Red Bull şirkətlərinin uzunmüddətli tərəfdaşları kimi, biz bu yola birlikdə çıxmağa çox sevinirik, – söyləyərək Cash App şirkətinin Brend inkişafı şöbəsinin rəhbəri Kətrin Fördon qeyd etdi. – Visa Cash App RB komandası və Cash App şirkəti insanları və icmaları birləşdirmək niyyətini paylaşırlar. Biz bilirik ki, insanları heç bir şey idman kimi birləşdirmir. ABŞ-da Formula 1-in populyarlığı getdikcə artır, və hazırkı sponsorluq bizə Formula 1 azarkeşləri ilə münasibətləri dərinləşdirməyə, ABŞ-da Formula 1 fanat mədəniyyətini dəstəkləyə və inkişaf etdirməyə, habelə müştərilərimizə daha geniş fürsətlər təklif etməyə imkan verəcək. İlk dəfə deyil ki, biz gənc istedadların inkişafına təkan verib yol açırıq, ona görə də olduqca perspektivli pilotlar yetişdirmiş komandaya sponsorluq etməkdən fərəhlənirik.

Visa Cash App RB komandasının dünyaya göz açması tarixi əhəmiyyətli bir hadisədir, – deyərək Red Bull Technology şirkətinin Marketinq direktoru Oliver Hyuz fikirləri ilə bölüşdü. – Komandanın yeni kimliyi sadəcə ad dəyişməsi deyil, onu idmanın zirvələrinə aparacaq yeni səyahətin başlanğıcıdır, və ən tanınmış qlobal brendlərindən birinin baş sponsorluğu buna dəlalət edir. Komandamıztək Visa da gələcəyə baxır: qlobal lider mövqeyinə malik olduğu əsas biznesinin hüdudlarını genişləndirib Visa bütün dünyada, hamı üçün hər yerdə rəqəmsal maliyyə xidmətlərinin inkişaf tendensiyalarını müəyyən edir. Maliyyənin gələcəyini qurmaq öhdəliyinə qatılaraq, Cash App açar tərəfdaş və ən çox yüklənən maliyyə tətbiqlərindən biri kimi bu əməkdaşlığa qoşulur. Visa Cash App RB adı altında komandanın yeni şəxsiyyəti elə bir gələcəyə yönəlib ki, orada komanda hər həftəsonu turnir cədvəlində yuxarı pillələrdə qərarlaşır.”


Visa Cash App RB komandası haqqında məlumat

Red Bull İtaliya komandası 350-dən çox Formula 1 yarışlarına qatılaraq 2006 ildən etibarən Formula 1 turnirlərinin daimi iştirakçısıdır. Scuderia Toro Rosso adı altında təsis edilmiş və gələcək çempionları üzə çıxarmaq məqsədi daşıyan komanda Formula 1 və digər yarışlarda qələbə qazanmış bir neçə tanınmış pilotun karyerasına uğurlu start verib. Müvəffəqiyyətlər 2020 ildə komandanın Scuderia AlphaTauri ismi ilə aparılmış rebrendinqindən sonra da davam etdi: öz ilk mövsümündə komanda İtaliya Qran Prisində zəfər çaldı. İndi, ən böyük idman mükafatları uğrunda mübarizə aparmaq missiyası ilə Visa Cash App RB adı altında yenidən doğulmuş komanda yarışlara avtomobil idmanının lideri kimi qatılır.

Visa haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, hamını hər yerdə daxil edən iqtisadiyyatlar bütün bəşəriyyətin güzəranını yaxşılaşdırır; biz iqtisadi əlçatanlığı pulların gələcək qlobal hərəkətinin əsası kimi görürük. Daha ətraflı məlumat üçün: visa.com.az.

Cash App haqqında məlumat

Cash App pulları xərcləmək, göndərmək və saxlamaq üçün rahat alətdir. O, vəsaiti sürətli və komissiyasız göndərməyə imkan verir: ödəmələrin əksəriyyəti müştərinin bank hesabına saniyələr içində oturur. Cash App vasitəsilə müştərilər həmçinin bitkoynları ani alqı-satqı edə, əmək haqqını tətbiqdə birbaşa ala bilərlər, unikal “pul təqi” yaradıb onu paylaşaraq sürətli pul köçürmələri qəbul edə, eləcə də öncədən ödənilmiş Cash App Visa debit kartından istifadə edərək Visa kartlarını qəbul edən bütün yerlərdə alış-veriş edə bilərlər. Debit kartları Sutton Bank tərəfindən Visa U.S.A, Inc. şirkətinin lisenziyası əsasında buraxılır. Visa® Visa International Service Association şirkətinin qeydiyyatlı ticarət nişanıdır. Bütün digər ticarət və firma nişanları onların müvafiq sahiblərinə məxsusdur. Cash App tətbiqini cash.app saytından pulsuz endirə bilərsiniz.

Oracle Red Bull Racing komandası haqqında məlumat

Yarandığı vaxtdan Oracle Red Bull Racing komandası, Beynəlxalq Avtomobil Federasiyası (FIA) çətiri altında keçirilən və avtomobil idmanı üzrə dünyada başlıca yarış olan Formula 1 turnirinin aparıcı iştirakçılarından biridir. Red Bull ana şirkətinin Formula 1 yarışlarında mövcudluğunu bərqərar etmək məramı ilə 2005 ildə təsis edilmiş və ehtiras, oynaqlıq, iddialar və nailiyyətlərin cəsarətli kombinasiyasını tərənnüm edən Oracle Red Bull Racing komandası Formula 1 yarışlarında ən çox uğur qazanmış komandalardan biridir. Konstruktorlar və pilotlar arasında bir neçə dünya çempionu tituluna və ayrı-ayrı startlarda 100-dən çox qələbəyə malik olan Oracle Red Bull Racing yarış komandası, çempionlar beşiyi və inqilabi texnologiyaları təmsil edən innovator kimi mükəmməlliyə doğru adlamağa davam edir.