Kapital Bank, Visa şirkəti ilə tərəfdaşlıqda, Azərbaycanda Visa Tap to Phone texnologiyası əsasında ilk Mobil POS həllinin bazara buraxılmasını elan edib. Həmin texnologiya, NFC çipi ilə təchiz edilmiş və yaxın məsafədə verilənləri ötürə bilən Android əsaslı müasir smartfon və planşetləri təmassız ödənişlərin qəbulu üçün əsl ödəniş terminallarına çevirir.
Beləliklə, istənilən biznes rəqəmsal iqtisadiyyata qoşula biləcək – bunun üçün sadəcə müvafiq mobil tətbiqi telefona yükləmək kifayətdir. Alıcılar getdikcə təmassız ödənişlərə daha çox üstünlük verdiklərinə görə, Tap to Phone texnologiyası əsasında qurulmuş Mobil POS innovativ həlli mikro və kiçik biznes üçün yeni və daha geniş imkanlar açır.
“Rəqəmsal ödənişlər Azərbaycanlıların gündəlik həyatına daxil olmaqdadır. Əhali arasında getdikcə daha böyük rəğbət qazanan təmassız ödənişlərin qəbulunu genişləndirmək, onları daha əlçatan etmək mühüm vəzifədir. Ənənəvi POS terminallar və onların imkanları artıq hamıya yaxşı tanışdır. Visa-nın yeni Tap to Phone texnologiyası hətta NFC çipli Android smartfonlarını mal və xidmətlərə görə ödəmələr qəbul edən terminal kimi istifadə etməyə imkan verir. Maraqlıdır ki, burada təmassız ödənişi kart, yaxud digər smartfon və ya cihaz vasitəsilə etmək olar.
Tap To Phone texnologiyası mikro və kiçik sahibkarlar üçün rəqəmsal nağdsız iqtisadiyyatın bir parçasına çevrilmək, nağd pulun istifadəsini azaltmaq, maliyyə axınları üzərində nəzarəti artırmaq üçün sadə və rahat vasitədir. Ən əsası isə istehlakçılara asan və etibarlı nağdsız ödəmə imkanı verməkdir. Bu həlli ilk dəfə Azərbaycan bazarına təqdim edə bildiyimizə görə tərəfdaşımız Kapital Banka son dərəcədə minnətdarıq. Əminəm ki, Mobil POS yerli biznesin effektivliyini artıracaq,” – deyərək Kristina Doroş, Visa-nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri şərh verdi.
Söz gedən həldən yararlanmaq üçün sahibkar smartfonuna Mushteri Bank tətbiqini yükləməli, qeydiyyatdan keçməli və istifadəçi məlumatlarını göstərməlidir.
“Mobil POS xidmətini istifadə etmək üçün ilk növbədə Kapital Bankın müştərisi olmaq lazımdır. Xidmətə qoşulma pulsuzdur, bank filialına gəlmək tələb olunmur. Sadəcə “Müştəri Bank” mobil tətbiqində onlayn qeydiyyatdan keçmək kifayətdir. Mobil POS ödənişləri qəbul etmək, əməliyyatlar tarixçəsini izləmək, eləcə də cari terminallar haqqında məlumata baxmaq imkanı verir. Xidmətdən yararlanmaq üçün istifadəçi NFC modullu Android əsaslı smartfona malik olmalıdır,” - Kapital Bankın KOS və korporativ bankçılıq sahəsinin lideri Heydər Süleymanov qeyd etdi.
Tap to Phone, bank kartları ilə beynəlxalq ödəniş standartı olan EMV texnologiyası üzərində qurulub. EMV-də hər əməliyyat təkrar istifadəni yasaq edən “token” adlı dinamik kriptoqram vasitəsilə qeyd olunur. Bu texnologiya maliyyə müəssisələrinə və finteks şirkətlərinə öz əkvayrinqini qurmağa imkan verir: onlar öz müştərilərinə smartfonda ödənişi qəbul etmək xidmətini təklif edərək POS terminalındakı mühafizə protokollarının eynisini təmin etmiş olurlar. Üstəlik, mobil cihazlar əlavə təhlükəsizlik səviyyəsi – biometrik eyniləşdirmə ilə təchiz olunur.
Öncədən bir çox yerlərdə və hallarda yalnız nağd ödənişlər mümkün idisə, indi alıcılar təmassız ödəmələrin bütün üstünlüklərindən hər bir şəraitdə, məsələn, gündəlik nəqliyyat, gəzinti və əyləncə xərcləri etdikdə, birgə vəsait topladıqda və ya Visa-dan ən rahat və təhlükəsiz ödəmə üsulunun digər ssenarilərini yaşadıqda yararlana bilərlər.
Təklif etdiyimiz həllin bəzi istifadə örnəkləri bunlardır:
- kənarda pərakəndə satışlar (yarmarkalar, sərgilər, festivallar, fud-kortlar, “küçədə qəhvə” və s.);
- əyləncələr (parklar, attraksionlar, mövsümi istirahət zonaları);
- növbədə durarkən müştərilərin xidmət vaxtını azaldan xüsusi ödənişlər;
- parklama xərcləri, cərimələrin ödənilməsi;
- pul vəsaitlərinin müştərək toplanması.
Bu həll həmçinin aşağıdakılar üçün yarıyır:
- çatdırılma xidmətləri, logistika şirkətləri və poçt xidmətləri;
- sığorta agentləri;
- tədbir təşkilatçıları (konsert və bayramların təşkili);
- mal və ya xidmət ticarəti (əməliyyatlar tez-tez baş vermədiyi hallarda).