Bakı, 5 oktyabr 2022: Visa şirkəti ictimai nəqliyyatda təmassız əməliyyatlarının bir il ərzində sayının ilk dəfə 1 milyard həddinə çatmasını elan edərək sərnişinlərin getdikcə artan kütləsinin rahatlığa və sürətə üstünlük verməsini bir daha doğrultdu. Bu yaxınlarda Visa tərəfindən keçirilmiş “Şəhərlərdə hərəkətliliyin gələcəyi” araşdırması (Future of Urban Mobility Survey) göstərdi ki, sərnişinlərin 91%-ində artıq nəqliyyatda təmassız ödənişlərin müyəssər olmasının gözləntisi var, az qala üçdə biri isə təmassız ödənişləri, ictimai nəqliyyata üstünlük verməsinin əsas səbəbi kimi göstərdi.[1]
Həmin tədqiqata əsasən, ictimai nəqliyyat sərnişinlərinin böyük əksəriyyəti (88%) qeyd edirlər ki, ekoloji təmizlik və ətraf mühitə ziyan vurmama onların ictimai nəqliyyatdan istifadə tezliyinə təsir göstərir. İşləyən sərnişinlərin çoxu (62%) həftədə ən azı üç dəfə ictimai nəqliyyatdan istifadə etdiklərini deyirlər.
İctimai nəqliyyatda bir toxunuşla ödəmə texnologiyası (tap-to-ride) sərnişinlərə gediş haqqını bank kartları və ya elektron pul kisələri vasitəsilə ödəməyə imkan verir. Beləliklə, özünlə xırda pul daşımağa və ya nəqliyyat kartının daima dolu saxlamağı unutmamağa lüzum qalmır. Visa-nın köməyilə təmassız ödənişlər Banqkokdan tutmuş Rio-de-Janeyro və Mexikoyadək dünyanın bir çox şəhərində geniş istifadə olunur. Visa həmçinin ictimai nəqliyyatda Tap to Pay təmassız ödənişlər texnologiyasının 2011 ildə ilk tətbiqindən bəri şəhərlərdə hərəkətlilik sahəsində 550-dən çox təşəbbüsü dəstəkləyib.
Azərbaycanda 2021 ildə Visa şirkəti Bakı şəhəryanı elektrik qatarlarında təmassız ödəmələri mümkün etmək üçün Bakı dairəvi dəmir yolunun 14 stansiyasında təmassız oxuyucu cihazları ilə təchiz edilmiş turniketlər quraşdırıb. Sərnişinlər gediş haqqını təmassız bank kartı və ya NFC modulu ilə təchiz edilmiş cihazlar (smartfonlar və ağıllı saatlar) vasitəsilə ödəyə bilərlər. Layihə “Azərbaycan Dəmir Yolları” QSC (ADY), Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Beynəlxalq Bankı, IBA Group, RBC Group və Azərikard ilə tərəfdaşlıqda icra olunub.
Rəqəmsal ödəmələrin sürətli artımı bu seçimin istehlakçılar üçün nə qədər cəlbedici olduğunun əyani sübutudur. Tarixdə ilk dəfə Visa ödəmə şəbəkəsi dünya üzrə nəqliyyat sistemlərində il ərzində 1 milyarddan çox tap-to-ride əməliyyatı emal edib. Bu nailiyyətdə Avropa ən böyük paya malikdir: məsələn, yalnız Böyük Londonun nəqliyyat sistemində gündə 4 milyondan çox təmassız ödəniş qəbul olunur. Dünyanın bütün regionlarında təmassız əməliyyatlarda artım müşahidə olunur; Şimali Amerikada ictimai nəqliyyatda hər beş ödənişdən biri təmassızdır.[2] Sərnişinlərə rahatlıq və çeviklik təklif etməklə yanaşı, təmassız ödəmə texnologiyası nəqliyyat şirkətləri üçün də qoyulan sərmayələrin verimliliyini[3] sübuta yetirilər.
Bu təmassız texnologiya həmçinin Visa Prepaid və Private Label tipli kartların istifadəsini də dəstəkləyir, hansılar ki, maliyyə vəziyyətləri və bank hesabının olub-olmamasından asılı olmayaraq ictimai nəqliyyatın bütün istifadəçilərinə rəqəmsal gediş bileti əldə etməyə imkan verirlər, bu da öz növbəsində bütün dünyada maliyyə xidmətlərinin əlçatanlığını artırmaqda mühüm rol oynayır.
Visa şəhər bələdiyyələri, urbanistlər, şəhər hakimiyyətlərinin nəqliyyat departamentləri, nəqliyyat operatorları və həll təchizatçıları ilə işbirliyi quraraq şəhərlərdəki hərəkətlilikdə inklyuzivliyi, ekoloji təmizliyi və çoxnövlü şəhər nəqliyyatının qarşılıqlı əlaqələndirilməsini vurğulayır. Dayanıqlı şəhərlər şəbəkəsi (Resilient Cities Network) çərçivəsində Visa, Latın Amerikası və Karib dənizi hövzəsinin bir sıra şəhərləri ilə əməkdaşlıqda regionun özəlliyini nəzərə alan rəqəmsal həllər işləyib hazırlayır.
Visa həmçinin Ümumdünya İqtisadi Forumunun müştərək, əlaqəli və dekarbonlaşdırılmış nəqliyyat ekosistemini yaratmaq məramı üçün mövcud çağırışları və çözümləri daha yaxşı anlamağa çalışan Global New Mobility Coalition (Qlobal yeni mobillik koalisiyası) ilə əməkdaşlıq edir. Həmin işbirliyi daxilində gediş haqlarının ödənilməsində innovasiyaların ətraf mühitə təsiri öyrənildi: Sərnişin daşımalarının ödənilməsində innovasiyalar, insanları hərəkətdə saxlamaqla yanaşı, planeti də qoruyurlar (Innovation in mobility payments is keeping people moving while protecting the planet).
Son 60 il ərzində Visa dövlət qurumları ilə əməkdaşlıqda nəqliyyatın əlçatanlığını və ödəmə üsullarını təkmilləşdirərək iqtisadiyyatın artımına və cəmiyyətin rifahının yüksəldilməsinə xidmət edir. Gündəlik nəqliyyat ödəmələrində innovasiyaların tətbiqi məqsədlərimizə yetişməyin ən səmərəli üsuludur.
Visanın şəhərlərdə hərəkətlilik sahəsində qlobal təşəbbüsləri haqqında daha çox öyrənmək üçün Visa-nın qlobal şəhər mobilliyi mövzusunda internet səhifəsinə keçin. Visa-nın “Şəhərlərdə hərəkətliliyin gələcəyi” sorğusu ilə daha ətraflı bu keçidlə tanış ola bilərsiniz.
Visa haqqında məlumat
Visa (NYSE: V)[4] rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla Visa.com.az saytında tanış ola bilərsiniz.
[1] Visa-nın “Şəhərlərdə hərəkətliliyin gələcəyi” araşdırması (Visa Future of Urban Mobility), may 2022: Wakefield Research tədqiqat şirkəti tərəfindən 14 ölkədə (Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Yeni Zelandiya, Fransa, İtaliya, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Qazaxıstan, Peru, Səudiyyə Ərəbistanı, Misir) ictimai nəqliyyatdan istifadə edən 11 500 yetkinyaşlı respondent arasında keçirilmiş sorğu.
[2] Visa-nın “Şəhərlərdə hərəkətliliyin gələcəyi” araşdırmasının (Visa Future of Urban Mobility) dəqiq statistikasına əsasən, Şimali Amerikada ictimai nəqliyyatda təmassız ödənişlər cari maliyyə ilində Visa-nın qeydə aldığı 1 milyard əməliyyatın 19.2%-ini təşkil edirlər.
[3] Visa-nın “Nağdsız şəhərlər: rəqəmsal ödənişlərin faydalarının əldə olunması” araşdırması (Cashless Cities: Realizing the Benefits of Digital Payments)
usa.visa.com/dam/VCOM/global/visa-everywhere/documents/visa-cashless-cities-report.pdf
[4] Nyu-York fond birjasında V simvolu ilə tanınır.