BAKI, 1 mart 2023 – Bu gün Visa şirkəti Şərqi və Cənubi-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrində qadın liderliyi və sahibkarlığına dair tədqiqatının nəticələrini dərc etdi. Adı çəkilən araşdırma bu geniş regionda ixtisaslaşan, biznesin və cəmiyyətlərin inkişafını hədəfləyən nüfuzlu Emerging Europe artım platforması tərəfindən She's Next Empowered by Visa təşəbbüsü çərçivəsində aparılmışdır.
11 ölkədə (o cümlədən Azərbaycanda) keçirilmiş araşdırma 2000 biznes sahibəsi və özünə-məşğul qadın arasında onlayn rəy sorğusu, 75 dərin müsahibə və fokus qrup müzakirələrindən ibarət idi. Alınmış nəticələr regionun orta statistik qadın sahibkarın müfəssəl portretini təqdim edərək qadınların işgüzar həyatları boyu uğraşdığı çətinlikləri və çağırışları dərk etməyə imkan verir.
“Sorğuda iştirak etmiş qadınların biri söylədiyi kimi, qadınlar üçün kənardan vəsait cəlb etmək daha çətindir. Bu, Silisium vadisində də, həmin xanımın yaşadığı Ermənistanda da belədir. Əslində, maliyyə əlçatanlığı qadın sahibkarlarının üzləşdikləri çoxsaylı problemlərin yalnız biridir, – deyərək Emerging Europe təşkilatının təsisçisi və ortağı Əndryu Vrubel şərh verdi. – Bu araşdırmada biz qadın sahibkarlığını dərindən tədqiq edib qadınlara məxsus bizneslərə və startaplara mənfi təsir göstərə biləcək bütün potensial əngəlləri müəyyən etməyə çalışdıq. Bununla yanaşı, biz qadın sahibkarlarının ehtiyaclarını öyrənməyə, eləcə də onların imkanlarını genişləndirəcək, onlara zənginləşməyə və beynəlxalq səviyyədə inkişaf etməyə kömək edəcək həllər tapmağa məqsəd qoyduq.”
Ümumiyyətlə, Şərqi və Cənubi-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionu daxilində qadınlara məxsus bizneslərin böyük əksəriyyəti (84%) yalnız öz dövlətləri hüdudlarında mal və xidmətlər təqdim edirlər. Buna baxmayaraq, qadın sahibkarlar xaricdə biznes aparmaq üçün biliklər əldə etməkdə maraqlıdırlar.
Qadın bizneslərinin fəaliyyət göstərdiyi aparıcı sahələr gözəllik və sağlamlıq (17%), pərakəndə ticarət (12%), kənd təsərrüfatı və ərzaq məhsulları (12%), təhsil (8%) və ictimai əlaqələr və marketinq (7%). Qadın sahibkarların üçdə ikisi kənar maliyyədən istifadə etmirlər, dördə üçünün isə muzdlu işləri yoxdur. Regionda qadınlara məxsus olan müəssisələrin təqribən 35%-i 1000 ABŞ dollarınadək kapitalla təsis edilmişdir. Hər on qadın sahibkarın yalnız birində işçilərin sayı 5-i ötür.
”She's Next proqramına 2019 ildə start veriləndən bəri, onun məqsədi qadın liderlərinin və yerli icmaların imkanlarını genişləndirmək və onların inkişafını dəstəkləmək idi, – Visa-nın baş vitse-prezidenti və 17 ölkəni əhatə edən regional inkişaf üzrə direktoru Vira Platonova qeyd etdi. – Məhz buna görə təşəbbüsün fəaliyyət göstərdiyi ölkələrdə qadın sahibkarların xüsusi problem və ehtiyaclarını öyrənmək Visa üçün olduqca önəmlidir. Sevinirik ki, Azərbaycanın, habelə bütöv Şərqi və Cənubi-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionunun lider qadınları tədricən elektron ticarətə keçirlər, rahat və etibarlı rəqəmsal ödəmə üsullarından istifadə edirlər. Araşdırmanın nəticələri əsasında biz gender inklyuzivliyini artırmağa yönəlmiş bir çox təşəbbüsləri icra edəcəyik.”
Əsas nəticələr
- Qadınlar peşəkar və maliyyə müstəqilliyinə can atırlar. Öz biznesini qurmaq üçün qadınların əsas motivasiyası öz gəlirlərini artırmaq (50%), özləri üçün işləmək (31%) və arzularının yerinə yetirməkdir (21%). Azərbaycanda qadınları ən çox həvəsləndirən səbəblər gəlirlərin artırılması (41%) və arzuların yerinə yetirilməsidir (24%).
- Qadın sahibkarları az qala eyni dərəcədə biznes və şəxsi həyat düşündürür. Respondentlər ən çox bizneslərinin iflasa uğramasından (29%), maliyyə vəziyyətinin pisləşməsindən (27%) və ailəyə və/ya uşaqlara daha az vaxt həsr etmələrindən (25%) narahat olduqlarını qeyd edirlər. Azərbaycanda da oxşar tendensiyalar müşahidə olunur: qadınlar əsasən ailələrinə kifayət qədər vaxt ayırmamalarından (27%) və bizneslərinin iflasa uğramasından narahatdırlar (26%).
- Qadın biznesləri rəqabətdən və maliyyəyə çıxışın olmaması kimi problemlərdən əziyyət çəkirlər. Qadın sahibkarlar daha çox yüksək rəqabət (40%), kapitalın cəlb olunması (32%) və biznesin aparılması şəraitinin əlverişsiz olması (31%) kimi problemlərlə üzləşir. Azərbaycandakı respondentlər ölkələrində biznesin qurulması və aparılmasında ən böyük problem olaraq kapitalın cəlb edilməsini qeyd etdi (45%); rəqabət isə respondentlərin 23%-i narahat edir.
- Qadın sahibkarlar biznes bacarıqlarını internetdə öyrənməyi arzulayırlar. Respondentlərin yiyələnmək istədikləri əsas bacarıqlar kimi əlavə maliyyənin əldə olunması strategiyaları (47%), rəqəmsal marketinq və sosial şəbəkələrin aparılması (37%), elektron ticarət (24%) və biznesin beynəlxalq səviyyədə genişlənməsi (21%) göstərildi. Azərbaycanda bacarıqlar arasında birinci yerlərdə rəqəmsal marketinq və sosial şəbəkələrin aparılması (49%), əlavə maliyyənin əldə olunması strategiyaları (34%) və elektron ticarət (26%) durur.
- Qadınlara məxsus müəssisələr işçi və təchizatçılarla adətən nağd hesablaşmalar aparır, lakin bir qayda olaraq müştərilər üçün POS-terminallar quraşdırırlar. Qadın sahibkarların 42%-i işçi və təchizatçılarla hesablaşmaları nağd yolla həyata keçirir, kartla ödənişlərə isə yalnız 37% üstünlük verir. Azərbaycan üzrə bu göstəricilər 50% kartla və 41% nağd ödənişlər təşkil edir.
Lakin müştərilər arasında elektron ödənişlər daha kütləvi hal alıb: respondentlərin 37%-i qeyd etdi ki, onların mal və xidmətləri üçün ödəniş daha çox kartla edilir, 42%-i isə özləri müştərilərin kartla ödəməsinə üstünlük verir. Müqayisə üçün qadın sahibkarlarının 35%-i müştərilərinin daha çox nağd ödəniş etdiklərini və yalnız 28% müştərilərinin gələcəkdə də nağd ödəniş etmələrinə üstünlük verdiklərini qeyd etdi. Azərbaycanda müştərilər ödənişləri əsasən kartla edir (46%, nağd ödəniş edən 38% ilə müqayisədə). Azərbaycan qadın sahibkarlarının yarısı isə mal və xidmətləri üçün ödənişləri kartla almağa üstünlük verdiklərini qeyd etdi.
Visa və Emerging Europe arasında tərəfdaşlığın iddialı məramı bütöv regionu təmsil edən qadın sahibkarların She’s Next camiəsi daxilində birləşməsidir. Növbəti mərhələdə məqsəd qadınlara ünsiyyət, təcrübə mübadiləsi, mentorluq və işgüzar üfüqlərinin genişləndirilməsini üçün platforma təqdim etməkdir.